Milli Xokkey Liqası: 1/4 final

Amerika Milli Xokkey Liqasında ¼ finalın 2 oyunu keçirilib.

Sportline.az xəbər verir ki, ilk görüşdə “Kolambus Blu Cakets” “Neyşenuayd Arena”da “Boston Bruinz”lə üz-üzə gəlib. 1-ci period Bun Cennerin qolu sayəsində Kolambus klubunun xeyrinə yekunlaşıb. 2-ci hissədə tərəflər hərəyə 1 dəfə fərqləniblər. Əvvəlcə, Düşen hesabı 2-0 edib. Periodun sonunda Debrask “Bruinz”i ümidləndirib. 1-2. Lakin, qonaqların bundan artığına gücü çatmayıb. Sərfəli nəticəni qoruyan “Kolambus Blu Cakets” qalib gələrək seriyada hesabı 2-1 edib.

Mərhələnin daha bir oyunu Denver şəhərində keçirilib. “Kolorado Evelanş” və “San Xose Şarks” komandalarının 3-cü görüşündən əvvəl seriyada hesab 1-1 idi. Növbəti qarşılaşmanın ilk periodunda “Şarks” 2 qol vurub. Əvvəlcə, Kutyur bir qədər sonra isə Mayer “Evelanş”ın qapısına yol tapıb. 2-ci hissədə Makkinnon şaybalardan birinin əvəzini çıxıb. Həlledici periodda isə daha 4 qol vurulub. Lakin Şarksın 3 şaybasına meydan sahibləri yalnız Nyetonun dəqiq zərbəsilə cavab veriblər. “Kolorado Evelanş” 2:4 “San Xose Şarks”. Bu nəticədən sonra “Şarks” seriyada 2-1 hesabı ilə irəlidədir.