Millinin heyəti müəyyənləşib
Azərbaycanın güləş üzrə U-20 millisinin iyunun 30-dan iyulun 6-dək İtaliyanın Kaorle şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti müəyyənləşib.
Bu barədə Sportline.az-a Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qitə birinciliyinin açılışını yunan-Roma güləşçiləri edəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) xalçaya çıxacaqlar.
Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Elvina Kərimzadə (50 kq), Gülər Həbibova (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizə aparacaqlar.
Yarışın son günlərində sərbəst güləşçilər məharətlərini göstərəcəklər. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Bəşir Verdiyev (61 kq), Hacı Kərimov (65 kq), İsmayıl Rəhimli (70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaqlar.
Görüşlər hər gün, Bakı vaxtı ilə 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.
Avropa çempionatında I dərəcəli beynəlxalq hakim Tural Əliyev ədaləti qoruyacaq.