MOK rəsmisi EYOF-da fərqlənmiş Azərbaycan idmançılarını mükafatlandırıb
Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının (EYOF) son günündə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Azərbaycan idmançıları ilə görüşüb.
MOK-un mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, A.Əliyev idmançılara göstərdikləri əzmkarlıq və əldə etdikləri nəticə ilə əlaqədar təşəkkürünü bildirib.
Daha sonra o, medalçılara qurumun xüsusi mükafatını təqdim edib.
Azərbaycan EYOF-da 33 idmançı ilə təmsil olunub. Onlardan yalnız cüdoçular 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.
Qeyd edək ki, EYOF Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 13 - 18 yaşlı idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir.