Naqelsmann: "Biz hazırıq və ümid edirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik"

BU gün Avropa çempionatında 1/4 final mərhələsi başlanır.

Sportline.az xəbər verir ki, günün ilk matçında Almaniya və İspaniya milliləri üz-üzə gələcəklər. Bu qarşılaşmanı erkən final adlandıranları anlamaq çətin deyil. Bir neçə dəqiqədən sonra başlanacaq oyunda çempionatın əsas favoritləri sayılan komandalar münasibətləri aydınlaşdıracaqlar. Almaniyanı matçın favoriti hesab edənlər daha çoxdur. Görünür, Bundestimin bu mərhələyədək göstərdiyi inamlı oyundan əlavə ev sahibi amili də bu məsələdə əsas rol oynayır. İspaniya millisi də ən xoş sözlərə layiq olduğunu sübuta yetirmiş rəqibdir. Qırmızı furiya bu mərhələyədək azarkeşlərinin etimadını layiqincə doğruldub. Bir sözlə İspaniya – Almaniya dueli olduqca gərgin və maraqlı mübarizə vəd edir.

Komandalar meydana optimal heyətlə çıxacaqlar. Bundestimin baş məşqçisi Yulian Naqelsmann oyunla bağlı fikrilərini bölüşərkən “İspaniya həmişə yüksək pressinqlə oynayan, keyfiyyətli oyunçulardan ibarət komandadır. Topa nəzarət edə bilsək rəqibə ciddi təhlükələr yarada bilərik. Amma bunu 90 dəqiqə edə bilmərik. Hücuma keçəcəyimiz və onlara çətin anlar yaşadacağımız dəqiqələr olacaq.

Hazrılığı tamamlamışıq. Əsas heyəti müəyyənləşdirmişik. Oyunçularımla çoxlu fərdi söhbətlər etmişik, videolar izəmişik. Biz hazırıq və ümid edirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik”, - deyib.

Qeyd edək ki, İspaniya - Almaniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.