Norveçə ağırlıq düşəcək
Ağır atletika üzrə seçmə komandamız daha bir ciddi sınaqla üz-üzədir. SportLine.az xəbər verir ki, atletlərimiz növbəti Avropa çempionatına hazırlaşırlar. Komandamız Norveç sınaqlarına dünya çempionu Nizami Paşayevin rəhbərliyi ilə yollanacaq. Artıq Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi Skandinaviya səfərinə 12 idmançı ilə çıxacaq.
Aprelin 9-dan 17-dək keçiriləcək mötəbər yarışda Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (53 kq), Boyanka Kostova (58 kq), Elnurə Abbasova, Firuzə İbrahimova (hər ikisi 63 kq), Elmar Əliyev (56 kq), Allahyar Abışov (62 kq), Sərdar Həsənov (69 kq), Əfqan Bayramov (77 kq), Rövşən Fətullayev, Nailxan Nəbiyev (hər ikisi 94 kq) və Azər Məmmədli (+105 kq) etimadı doğrultmağa çalışacaq.
Rio Olimpiadasına lisenziya xarakterli yarışda 40 ölkənin 168 qadın, 228 kişi atleti bacarığını göstərəcək.
Avropa çempionatının komanda hesabında ilk altılıqda qərarlaşan ölkələr 1 vəsiqəyə yiyələnəcək.