"Oklahoma Siti" üstünlüyü möhkəmlətdi

Amerika Milli Basketbol Assosiasiyasının Qərb Konfransında pley-off seriyasının növbəti matçı keçirilib. SportLine.az xəbər verir ki, "Oklahoma Siti Tanders" "Qolden Steyt Uarriors"u qəbul edib.

“Qolden Steyt Uarriors” basketbolçuları səfər matçında ümumi vəziyyətə tarazlıq gətirmək niyyətində idilər. Ancaq “Oklahoma Siti Tanders” doğma azarkeşlər önündə daha yaxşı təsir bağışlayıb. İlk hissədən təşəbbüsü ələ alan meydan sahibləri yekunda 118-94 hesablı qələbəyə seviniblər.

36 xal, 11 ribaund və 11 məhsuldar ötürmə ilə yadda qalan Rassl Vestbruk və 26 xal 11 ribaundla Kevin Dyurant  komandasının qələbəsində əsas pay sahibi olub.  

26 xalla fərqlənən Kley Tompsonun fəallığı “Qolden Steyt”i məğlubiyyətdən xilas edə bilməyib.

Ümumi vəziyyətdə 3-1 öndə olan Oklahoma basketbolçularına finala vəsiqə qazanmaq üçün növbəti dueldən qalib ayrılmaq kifayət edəcək.

Bu gecə isə Şərq Konfransında “Klivlend Kavaliers” “Toronto Reptors”la seriyanın 5-ci matçında üz-üzə gələcək.