Olimpiadanın açılış mərasiminə hazırlıq davam edir
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıqlar yekunlaşmaq üzrədir. Artıq açılış mərasimi üçün əsas məşqlər start götürüb. Milli Gimnastika Arenasında baş tutacaq tədbirdə təşkilatçılar tamaşaçılar üçün bir sıra sürprizlər hazırlayıblar.
Yarışın rejissoru ukraynalı Viktor Nikolayeviç Knişdir. Məşhur tərtibatçı tamaşaçıların unudulmaz anlar yaşayacaqlarına əmindir: "Bizi bir nağıl gözləyir. Gözəl bir şahmat nağılı... Azərbaycanda olan aparıcı artistlər və idmançılar bu tamaşada yer alacaqlar. Təxminən, iki aydır, bu şou üzərində işləyirik. Bakıdakı komanda ilə işləməkdən məmnunam. Ümid edirəm, qonaqları, yaxşı mənada, təəccübləndirəcəyik. Əminəm ki, bu nağıl Bakıya gələcək qrossmeysterlərin də ürəyincə olacaq və onları qələbəyə ruhlandıracaq".
Tamaşanın xareoqrafı Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova isə belə bir tədbirin təşkilatçılarından biri olmağı böyük xoşbəxtlik hesab edir: "Mənə burada işləmək təklifi gələndə böyük məmnuniyyətlə qəbul etdim. Dünyaca məşhur rejissor və tərtibatçı Viktor Nikolayeviçlə, eləcə də, Rəşad Həşimovla birgə işləməkdən zövq alıram. Biz birlikdə bu möhtəşəm tamaşanın ssenarisini hazırlamışıq. Əminik ki, Bakı Şahmat Olimpiadası yüksək peşəkarlıqla təşkil olunacaq. Açılış mərasimində şahmatın və Azərbaycanın tarixi, mədəniyyəti nümayiş olunacaq".
Tədbirin musiqi rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Həşimovun da tamaşaçılara sürprizi olacaq: "Şahmat dünyada elit və intellektual idman növlərindən biri hesab olunur. Azərbaycana dünyanın ən güclü və tanınmış şahmatçıları gələcək. Açılış mərasimi üçün yeni bir musiqi hazırlamışam. Təbii ki, burada dahi bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayevin musiqilərindən də istifadə etmişik. İnanıram ki, bu musiqi tamaşaçıların ürəyincə olacaq".
Açılış mərasiminin meneceri Səfər Aslanov bəzi məqamlara aydınlıq gətirib: "Yarışa 180 ölkədən nümayəndə gələcək. Onların bir çoxunun Azərbaycanla tanışlığı bu arenadan başlayacaq. Mərasimdə şahmatın yaranma tarixi, Azərbaycanın milli ornamentləri nümayiş olunacaq. Tədbirdə, həm müasir texnologiya vasitəsi ilə şou, həm də möhtəşəm sənətkarların ifası təqdim ediləcək. Layihə üzərində 400-ə yaxın əməkdaş çalışır. Burada milli və klassik rəqqassların nümayişləri də olacaq. 177 nağaraçının ifasında bayraqların paradı təşkil ediləcək. Bir saatlıq tədbir ərzində, həm müasir Azərbaycan mədəniyyəti, həm də ölkəmizin klassik ornamentləri tamaşaçılara göstəriləcək”.
Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq. Tədbir saat 19:00-da start götürəcək.
Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir