Pandemiyaya görə ölkəmizdə təşkili alınmayan əsas yarışlar
Pandemiyaya görə ölkədə yaranan vəziyyət bir çox yarışın təxirə salınmasına səbəb oldu. Doğrudur, onların əvəzinə internet şəbəkəsində müxtəlif virtual yarışlar təqdim olundu. Amma bütün bunlar idman həvəskarlarının böyük maraqla gözlədiyi turnirlərin əvəzini verə bilməzdi.
Sportline.az təxirə salınan və yaxud ləğv olunan əsas idman yarışlarının siyahısını təqdim edir.
Koronavirusa görə vaxtı dəyişdirilən yarışlar arasında ilk növbədə idman gimnastlarının turnirlərini qeyd etmək olar. Bu növ üzrə Avropa çempionatının Bakıda keçiriləcəyi məlum idi. Lakin onu gözlənildiyi kimi mayda keçirmək mümkün olmadı. Yarış dekabr ayına təxirə salındı. Yeni qərara əsasən qadınların analoji turniri də paytaxtımıza həvalə edildi. Əslində qitə birinciliyi Parisdə keçirilməli idi. Lakin Fransada karantin məhdudiyyətləri sentyabrda aradan qaldırılacaq. Ona görə də Avropa Gimnastika İttifaqı həmin vaxtı gözləməyərək indidən yarışla bağlı radikal qərar qəbul etdi. Beləliklə, çempionat Azərbaycana tapşırıldı. Bundan başqa bədii gimnastika üzrə dünya kuboku və aerobika gimnastikası üzrə dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salındı.
İyunun 5-dən 7-dək nəzərdə tutulan Formula 1 üzrə Azərbaycan Qran-prisi də təxirə salındı. Səbəb yenə də eynidir: pandemiya! İnfeksiya təhlükəsi artdığına görə yarışın təşkilatçıları Azərbaycan mərhələsini qeyri-müəyyən müddətə saxlamağı qərara aldılar. Vəziyyət yaxşılaşmasa, mötəbər yarış hətta ləğv oluna bilər.
Bu siyahıya cüdoçuların Bakıda keçiriləsi Böyük Dəbilqə turnirini də əlavə etməliyik. Yarış Tokio olimpiadasının təsnifat mərhələsi sayılırdı. Paracüdo üzrə “Bakı 2020” Qran-prisinin də aqibəti eyni oldu. Yarışların bundan sonra keçirilib-keçirilməyəcəyi bilinmir.
Pandemiyanın təsiri karatedən də yan keçmədi. Avropa çempionatı koronavirus təhlükəsinə görə təxirə salındı. Xatırladaq ki, yarış martın son həftəsinə nəzərdə tutulmuşdu.
Böyük həyəcanla gözlənilən yarışlar arasında futbol üzrə Avropa çempionatını xüsusi qeyd etmək lazımdır. Yarışın 4 oyunu Bakıda keçiriləcəkdi. Lakin böyük təəssüflə qeyd edək ki, onların da vaxtını dəyişmək lazım gəldi. UEFA-dan verilən məlumata görə Avropa çempionatı gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bu barədə təşkilatın milli assosiasiyalarla birgə videokonfransında qərar verildi. Xatrıladaq ki, qrup mərhələsində Uels – İsveçrə, Türkiyə - Uels və İsveçrə - Türkiyə görüşləri, habelə, ¼ finalın bir görüşü Bakı Olimpiya Stadionunda olmalıdır.
Futboldan söz düşmüşkən Premyer Liqa oyunlarını da təxirə salınanlar siyahısına daxil edə bilərik. Martın 18-dən dayandırılan ölkə çempionatının iyunun 21-dən davam etdirilməsinə qərar verildi.
Son günlərdə isə futzalla bağlı qərar diqqət mərkəzindədir. Pandemiya dövrünə görə mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, Azərbaycan kuboku ilə bağlı müzakirələr aparıldı. Qəbul edilən qərarlara görə Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019-2020-ci illər mövsümü başa çatdırıldı. Turnir cədvəlində ilk pillədə qərarlaşan “Ayaks Baku” birinci, NTD komandası isə ikinci liqanın qalibi elan olundu. Yüksək Liqa ilə bağlı məsələyə pandemiya ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.