Paralimpiya çempionumuz: "Qələbəni şəhidlərimizə və qazilərimizə həsr edirəm"

"Yarışa çox ciddi hazırlaşmışdıq. Şəxsi məşqçimlə ən çox fransalı idmançı Sandrin Martinenin üzərində işləmişdik. Bilirdim ki, finalda onunla qarşılaşacağam".

Sportline.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma zamanı deyib.

48 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bütün rəqiblərinin güclü olduğunu bildirib: "Hər şey gözlədiyim kimi oldu. Final görüşündə fransalı paracüdoçu ilə qarşılaşdım. Qurduğumuz taktika ilə ona qalib gəldim".

Hacıyevanın sözlərinə görə, ən çətin rəqibi elə finalda məğlub etdiyi Martine olub: "O, yaşca da məndən böyük idi, ötən paralimpiadanın qalibi olmuşdu. Rəqibin üstünlüyü daha çox idi. Buna baxmayaraq, xarakterim və iradəm sayəsində qələbə qazandım".

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan təbrik aldığını söyləyən paralimpiya çempionu bunun qürurverici olduğunu vurğulayıb: "Başda Prezidentimiz və birinci xanım olmaqla, bütün xalqımızı təbrik edirəm. Dəstəklərinə və təbriklərinə görə onlara təşəkkür edirəm. Tokioda Azərbaycana ilk qızılı mən qazandırdım və himnimizi səsləndirdim. Bu qələbəmi şəxsi məşqçim Fərid Ağakişiyevə, Qarabağ şəhidlərinə və qazilərinə həsr edirəm".

Hacıyeva gələcək planlarından da söz açıb: "Əlbəttə, idmançı karyeramı davam etdirəcəyəm. Digər arzum isə 2024-cü il Paris Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmaqdır. Çünki hələ yaşım azdır. İnanıram ki, daha 2-3 paralimpiadada çıxış edə biləcəyəm".