Pərvin Piriyev: “Bu çempionatda bir sıra yeniliklər etdik”

Güləş üzrə Azərbaycan çempionatının nüfuzunun yüksəldilməsi strateji istiqamətlərdən biridir.

Sportline.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev ölkə çempionatının açılış mərasimində deyib.

Qurum rəsmisi qarşıdakı hədəflərdən danışıb:

"Azərbaycan çempionatının nüfuzunun yüksəldilməsi strateji istiqamətlərimizdən biridir. ​Çünki Azərbaycan çempionatı milli komandanın tərkibinin formalaşmasında mühüm rol oynayır. ​Bu gün, demək olar ki, bütün güclü idmançılarımız buradadır, bəziləri tibbi səbəblərdən iştirak edə bilmir, onlara şəfa diləyirik. ​Bu çempionatda bir sıra yeniliklər etdik. Bunlardan biri çəki sisteminin kamera müşahidəsi ilə aparılmasıdır ki, şəffaflıq təmin olunsun. Azarkeşlər üçün müxtəlif uduşlar və proqramlar hazırlamışıq. ​Beynəlxalq hakimləri dəvət etmişik ki, turnirdə heç bir sual yaranmasın. ​Bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və digər federasiyalara təşəkkür edirik. ​Güclü olan qazansın".

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-nə qədər davam edəcək.