Feyziyev: "Bu gün ən güclüsü özüməm"

"I MDB Oyunlarında qızıl medal qazandığım üçün Gənclər və İdman Nazirliyinə, eləcə də Milli İdman Növləri Assosiasiyasına təşəkkürümü bildirirəm. Federasiyamızın rəhbəri Kazım Qurbanov və məşqçim Akif Əliyev bu yarışda mənə dəstək oldular".

Sportline.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan kureşçisi Camal Feyziyev deyib. Mütləq çəkidə qalib olan Feyziyev MDB Oyunlarından qızıl medalla dönəcəyinə sevindiyini bildirib.

O, kureşin tatarların idman növü olduğunu və ilk dəfə 2019-cu il dünya çempionatında bürünc medal qazandığını xatırladıb: "Bir ay öncə isə Kazanda dünya çempionatı keçirildi. Həmin yarışın qalibi oldum. Finalda rusiyalı 10 qat dünya çempionuna qalib gəldim. MDB Oyunlarında isə ən güclü rəqibim Rusiya təmsilçisi idi. Tatarıstandan olan idmançı üzərində təmiz qələbə qazandım. Finalda isə özbəkistanlı rəqibimə qalib gəldim".

Sentyabrın 9-da cüdo yarışına da qatılacağını deyən Feyziyev kureşi özünə daha yaxın saydığını söyləyib: "Ola bilsin, gələcəkdə güclü rəqiblərim olsun. Amma bu gün ən güclüsü özüməm".