Pyaniç: "Kuman mənimlə elə davranırdı ki..."

Ötən gün icarə əsasında "Beşiktaş"a keçən Miralem Pyaniç "Barselona"da baş məşqçinin ona olan münasibətindən danışıb.

Sportline.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi "Calciomercato"ya açıqlamasında Ronald Kumanın ona laqeyd davranışından gileylənib.

“Beşiktaş"da olduğum üçün xoşbəxtəm və çox motivasiyalıyam. "Barselona"da oynamaq həmişə arzum olub. Klubun çətin bir dövr keçirəcəyini bilirdim, amma hər şey mənim üçün çətinləşdi. Məşqlərə əsas komandadan iki həftə sonra qoşuldum. Məşqçi mənimlə danışmağa belə gəlmədi. Mən hər şeyi qəbul edən və əlimdən gələni etməyə çalışan bir insanam, amma üz-üzə danışmağın daha doğru olduğunu düşünürəm. Kuman mənimlə elə davranırdı ki, elə bil 15 yaşım var. Heç vaxt mənimlə üz-üzə danışmırdı, heç vaxt harda oynamaq istədiyimi, necə olduğumu və ya başqa bir şeyi soruşmurdu. Bütün bunları qəbul etmək çətin idi. Beləcə, oynamaq üçün "Beşiktaş"a gəldim. Maaşın azalması problem deyil. Pul vacibdir, lakin əsas cəhət deyil. Əsas odur ki, futbol oynaya bilək ".

Xatırladaq ki, Pyaniç "Beşiktaş" klubuna bir illik icarəyə verilib.