Qadın velosipedçimizin Çexiya uğuru

Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC City Ljubljana" klubunun üzvü Yelena Pavluxina Çexiyada keçirilən "Gracia Orlova" turunda uğurla çıxış edir. Velosiped İdmanı Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yarışın 100 km-dən ibarət 2-ci günündə 2 saat, 50 dəqiqə, 35 saniyə nəticə göstərən velosipedçimiz "solo-finiş"lə mərhələ qalibi olub və ən yaxın izləyicisini 2 dəqiqə, 11 saniyə qabaqlayıb.

Bu nəticə Yelena Pavluxinaya 2 mərhələdən sonra ümumi təsnifatda lider köynəyini ələ keçirməyə imkan verib. Hazırda o, ən yaxın izləyicisi, Almaniyanın "Canyon SRAM Racing" klubunun belaruslu üzvü, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi Alyona Amalisyuku 2 dəqiqə, 9 saniyə qabaqlayır.

Bu gün iştirakçılar əvvəlcə 13,5 km məsafəyə fərdi ötüşmədə, ardınca isə 63,5 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar. Yarışa sabah yekun vurulacaq.