Qara Qarayev: Klubumun razılığı əsas şərtlərdən biri olacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan çempionatının 25-ci turunun "Qəbələ" ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Belə bir fikir yaranmışdı ki, “Qarabağ” qələbə qazansa, çempionluğun taleyini böyük ölçüdə həll edəcək. Bu fikirlə bağlı sən necə düşünürsən?
- Əgər qalib gəlsəydik, “Qəbələ”dən 7 xal öndə olacağdıq. Hər-halda, fikirlərdə doğruluq var ki, çempionluq yoluna böyük addım atmış olacaqdıq. Amma bu gün həmin gərginlik yenə də qaldı və çempionatın sonuna qədər davam edəcək.
- Sizi son 3 turda “İnter” və “Neftçi” ilə çətin oyunlar gözləyir...
- “İnter” və “Neftçi” bu il bizim üçün çətin komanda olub. “Sumqayıt” isə dördüncü yerə olan şanslarını saxlayır və bizə qarşı daha motivasiyalı olacaqlar. Ümid edirəm ki, bu oyunlarda xal və ya xallar itirməyəcəyik.
- Bu matçda start heyətdə matça başlamadın, meydana sonrada daxil oldun. Bu, sənin üçün gözlənilməz olmadı?
- Mövsümün sonudur və baş məşqçimizin qərarına hörmətlə yanaşıram. Qurban müəllim bizimlə danışır və çox şeyi bizdən daha yaxşı bilir. Klubda olan aparatlarla bizim nə qədər qaçdığımızı, nə qədər yorulduğumuzu təyin edə bilirlər. Düşünürəm ki, bu gediş məni qorumaq üçündür. Ola bilər ki, hansısa bir sistem dəyişikliyidir və buna normal yanaşıram.
- Qara, transfer və müqavilə məsələsi haqda yenilik varmı?
- Hələ ki, müqavilə haqda danışmamışıq. Əgər xarici variant olsa, bundan əvvəl dediyim kimi, getmək haqda düşünürəm. İnşallah, klubum da buna qərar verəcək. Çünki klubum məni yetşdirib, boya-başa çatdırıb. Müqaviləm bitsə də, klubumuzun razılığı mənim üçün əsas şərtlərdən biri olacaq.