"Qarabağ"a qarşı hər hansı təxribat cəhdi olmayıb

"Qarabağ"ı sabah Avropa Konfrans Liqasının pley-off mərhələsində "Marsel"ə qarşı çətin oyun gözləyir. 

Ötən gün Fransaya yollanan komandamız səfər proqramına əsasən qarşılaşmaya hazırlığı davam etdirir. 

"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə Sportline.az-a açıqlamasında işlərin qaydasında getdiyini bildirib.

Onun sözlərinə görə, ermənilərin sıx məskunlaşdığı Marseldə rəqib komandanın fanatları tərəfindən hər hansı təxribat cəhdi qeydə alınmayıb. Gündüz Abbaszadə həmçinin, sabahkı oyun ərəfəsində şəhərdə ciddi ajiotaj nəzərə çarpmadığını da vurğulayıb. 

Bizim futbolsevərlərin oyuna marağına gəldikdə isə, biletlə bağlı müraciətlərə əsasən, "Qarabağ"ı "Velodrom" arenasında 300-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Marsel" - "Qarabağ" görüşü fevralın 17-də Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.