"Qəbələ"nin müdafiəçisi üçün yubiley
"Qəbələ"nin futbolçusu Urfan Abbasov komandada 300-cü oyununu keçirib.
Sportline.az "qırmızı-qaralar"ın mətbuat xidmətinə istinadla xəbər verir ki, 32 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib.
Bölgə təmsilçisində keçirdiyi matçların sayında mütləq rekordçu olan Abbasov “Zirə” ilə görüşə (0:2) start heyətində çıxıb. Vitse-kapitan 300 oyunda 6 qol vurub.
Bu, onun qırmızı-qara forma ilə kubokda 40-cı oyunu olub. Müdafiəçi bu turnirdə 1 qola imza atıb. O, Premyer Liqada 243 (5 qol), avrokuboklarda 17 dəfə komandasının formasını geyinib.
Müdafiəçi 2012-ci il fevralın 21-də Premyer Liqanın “Xəzər Lənkəran”la ev matçında (2:1) debüt edib. O, 2019/2020 və 2020/2021 mövsümləri istisna olmaqla, həmin vaxtdan "Qəbələ"də çıxış edir.
Qeyd edək ki, Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada iki gümüş (2016/2017, 2017/2018), üç bürünc (2013/2014, 2014/2015, 2015/2016) medal qazanıb, iki dəfə Azərbaycan Kubokunun qalibi (2018/2019, 2022/2023), üç dəfə finalçısı (2013/2014, 2016/2017, 2017/2018) olub.