Portuqaliyalı futbolçu ilə maraqlanır

Belçika “Brügge”sinin vingeri Karlos Forbsun cari mövsümün sonunda komandadan ayrılması gözlənilir.

Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasının üç klubu – “Tottenhem”, “Arsenal” və “Mançester Yunayted” maraqlanır. Bundan başqa, “Roma” və “Fiorentina” da Forbsu heyətinə qatmaq istəyir.

Bununla belə, portuqaliyalı futbolçunun yanvarda komandadan ayrılması inandırıcı görünmür. “Brügge” mövsümün gedişində əsas oyunçularından birini itirmək niyyətində deyil. Forbs uğrunda ciddi transfer mübarizəsinin yayda başlayacağı gözlənilir.

Vinger cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 23 milyon avro qiymətləndirir.

Forbsla maraqlanan klublardan “Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.