"Qolden Steyt" intriqanı qorudu
Amerika Milli Basketbol Assosiasiyasının Qərb Konfransında pley-off mərhələsinin 5-ci oyunu keçirilib. SportLine.az xəbər verir ki, "Qolden Steyt Uarriors" "Oklahoma Siti Tanders"i qəbul edib.
Ümumi hesabda 3:1 öndə olan “Oklahoma Siti Tanders” 5-ci matçda da qələbə qazanmaqla adını finala yazdırmaq niyyətində idi. Ancaq “Qolden Steyt Uarriors” doğma meydanda rəqibə təslim olmayacağını ilk hissədən sübut edib. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən meydan sahibləri gərgin mübarizənin sonunda 120-111 hesablı qələbəyə seviniblər.
31 xalla Stefen Karri və 27 xalla Kley Tompson komandasının qələbəsində əsas pay sahibi olub.
40 xalla fərqlənən Kevin Dyurant və 31 xalla Rassl Vestbrukun cəhdləri Oklahoma basketbolçularını məğlubiyyətdən qurtarmağa kifayət etməyib.
Qeyd edək ki, “Oklahoma Siti Tanders” növbəti matçda qələbə qazanacağı təqdirdə finala vəsiqə qazanacaq.