"Qolden Steyt" məğlubiyyətin əvəzini çıxdı
Amerika Milli Basketbol Assosiasiyasının Qərb Konfransında pley-off mərhələsi davam edir. SportLine.az xəbər verir ki, ötən gecə “Qolden Steyt Uarriors” və “Oklahoma Siti Tander” ikinci matçda üz-üzə gəlib.
İlk görüşdə “Oklahoma Siti Tander”ə uduzan “Qolden Steyt Uarriors” ikinci matçda məğlubiyyətin əvəzini çıxmaq niyyətində idi. Meydan sahiblərinin qələbə istəyi özünü erkən biruzə verib. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Qolden Steyt” basketbolçuları yekunda 118-91 hesablı qələbə ilə ümumi vəziyyətə tarazlıq gətiriblər.
Stefen Karri 28 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Kevin Dyurant 29 xalla fərqlənsə də, onun fəallığı Oklahoma basketbolçularını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, Şərq Konfransının növbəti görüşündə bu gecə “Toronto Reptors” “Klivlend Kavaliers”lə üz-üzə gələcək.