"Qolden Steyt Uarriors" çempionluğu rəsmiləşdirə bilmədi

Milli Basketbol Assosiasiyasının final seriyasında 5-ci matç keçirilib. SportLine.az xəbər verir ki, "Qolden Steyt Uarriors" "Klivlend Kavaliers"i qəbul edib.

Final seriyasında 3:1 öndə olan “Qolden Steyt Uarriors” doğma azarkeşlər önündə qalib gəlməklə çempionluğu rəsmiləşdirmək niyyətində idi. Ancaq “Klivlend Kavaliers” meydançaya məğlub olmaq üçün çıxmadığını ilk dəqiqələrdən sübut edib. Birinci hissədən təşəbbüsü ələ alan “kavalierlər” yekunda 112-97 hesablı qələbəyə seviniblər.

LeBron Ceyms 41 xal, 16 ribaund və 7 məhsuldar ötürmə, Kayri İrvinq isə 41 xal, 6 məhsuldar ötürmə ilə gecənin ulduzu olub.

Kley Tompsonun 37 və Stefen Karrinin 25 xalı isə “Qolden Steyt”i məğlubiyyətdən qurtarmağa kifayət etməyib.

Qeyd edək ki, final seriyasının 6-cı matçı 17 iyun tarixində oynanılacaq.