Qurban Qurbanov: "Heç bir psixoloji problemimiz yoxdur"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la (Almaniya) sabah Bakıda keçirəcəkləri matçdan öncə mətbuat konfransı təşkil edib. Sportline.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

- Son oyunumuza çıxırıq. Çox fikir bildirməyəcəm. Yaxşı, qrupda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi daha yaxından tanıdıq, oyunçularını daha yaxından öyrəndik. Oyunun mahiyyətini bilirik. 90 dəqiqə diqqətli olmalı və fikrimizi oyunumuza yönəltməliyik. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək.

- Futbolçuların psixoloji durumu necədir? Xüsusilə də Şahruddinin…

- Son vaxtlar psixoloji durumdan çox danışılır. Vacib oyundur. Biz peşəkarıq. Hər şey qaydasındadır. Bilirik ki, kimlə oynayırıq. Son Avropa oyunumuzdan 6 gün keçib və hər gün də Şahruddinin adı hallanıb. Ondan çox yazılır. Məni ən çox narahat edən budur. İstərdim ki, onun adı bu qədər hallanmasın. Bu, həm Şahruddində, həm də bütün komandada gərginlik yaradır. Həmişə azarkeşlərimizə güvənmişəm. Belə oyunlara real yanaşmalıyıq. Rəqiblərin gücü bizə bəllidir. Hamımız bir yerdə bu rəqiblərə qalib gələ bilərik. Belə hallar təsir edir. Ümumən, peşəkarıq. Hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Hamı başa düşür ki, bu cür oyunlarda özlərini necə idarə etməlidirlər. Futbol səhvlər oyunudur. Bütün matçlarda olur. Hər bir halda, fikirlərə hörmətlə yanaşıram. Şahruddində və digər futbolçularda hər şey qaydasındadır. Fikrimiz sabahkı oyunu yaxşı nəticə ilə başa vurmaqdır. İnşallah, xeyirlisi olar.