"Rauf uşaq kimi hərəkət edir" - Zaur Axundov

"Komandadan razı qaldım. İtkilərə baxmayaraq əla oynadıq. Bərabərlik qolu üçün də şanslarımız var idi. Bizim problemlərimiz var. Amma uşaqlar əllərindən gələni etdilər. Hamısına təşəkkür edirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Topaz Premyer Liqanın ilk turunda “Qəbələ” ilə keçirilən oyundan (1:2) sonra jurnalistlərə açıqlamasında deyib.

Axundov komandanın hücumçusu Rauf Əliyevin Albaniyanın "Kukesi" klubuna transferindən də danışıb: "Rauf insanlığa sığmayan hərəkət etdi. O, komandada qalmalı idi. Çünki Raufun 2018-ci il iyunun 30-na qədər bizimlə müqaviləsi var. Niyə Albaniyaya çıxıb gedib bilmirəm. Uşaq kimi hərəkət edir. Biz Albaniya klubuna onum qüvvədə olan müqaviləsini də göndərdik. FİFA qaydalarını bilirlər. Kimsə onunla müqavilə imzalamaz".

Sport24.az