Rəşad Sadıqov: "Paltardəyişmə otağında demişdim ki..."
Azərbaycan Premyer Liqasının 26-cı turunun açılış matçında “Kəpəz”lə “Zirə” meydandan bərabərliklə ayrılıb (1:1).
Görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov CBC Sport kanalına fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, o, komandanın çıxışından razı qaldığını bildirib:
“Bu cür şəraitdə futbolçuların göstərdiyi istəkdən razı qaldım. Bundan artığını eləməyə şərait yox idi. Daha çox topla oynamağı sevən komandayıq. Heyətimizdə texnikalı futbolçuların sayı çoxdur. Meydanın vəziyyətini nəzərə alaraq 1-ci hissədə əsas heyətin bir çox aparıcı futbolçusunu oynatmırdıq. Daha texnikalı oyunçuları ehtiyatda saxlamışdıq.
Birinci hissədə kobud səhvdən qol buraxdıq. Fasilədən sonra paltardəyişmə otağında da demişdim ki, 2-ci qolu buraxmayana qədər vəziyyəti dəyişmək imkanımız var. Çox yaxşı kombinasiyadan sonra penalti qazandıq. Bir qol epizodumuz da oldu. Orda zərbə bir az daha dəqiq alınsaydı, qələbə də qazana bilərdik. Bununla belə düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi”.