Rəşad Sadıqov: "Hayduk"la matçda qələbəyə yaxın olan tərəf biz idik"

"Zirə" Xorvatiya təmsilçisi "Hayduk"la matçda qələbəyə daha yaxın olub.

Sportline.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la ilk matçdan mətbuat konfransında deyib.

O, güclü rəqibə qarşı mübarizə apardıqlarını söyləyib:

"Hər iki komanda meydanda istəkli idi. Maraqlı qarşılaşmaya şahidlik etdik. Birinci hissədə tərəflər bir-birindən səhv gözləyirdi. Bu səhvi rəqib etdi, biz də qol vurduq. İkinci qolu vurmaq üçün də fürsətlərimiz oldu, təəssüf ki, yararlana bilmədik. Düşünürəm ki, qələbəyə yaxın olan tərəf biz idik. Cavab qarşılaşması öncəsi bu hesab heçnəyi demir. Cütün taleyi Xorvatiyada həll olunacaq. Səfərdə qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, 8-ci kilometr stadionunda baş tutan “Zirə” – “Hayduk” matçı bərabərə bitib - 1:1. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.