Respublika Şahmat Mərkəzində vəziyyət nə yerdədir?

Azərbaycan həmişə istedadlı şahmatçıları ilə tanınıb. Bu idman növünə ölkəmizdə hər zaman kifayət qədər maraq olub. Dərin zəka sahiblərimiz xüsusilə, Sovet dövründə keçirilən yarışlarda yüksək yerlər uğrunda mübarizə aparıb, mötəbər beynəlxalq turnirlərdə inamlı çıxışları ilə tanınıblar. Hər kəs dünya şahmatına güclü qrossmeystərlər bəxş edən Bakı haqda öyrənir, şəhərimiz haqda məlumatlar axtarır, belə şahmatçıların hansı məktəblərdə yetişdiyi ilə maraqlanırdı.

80-ci illərdə bir-birinin ardınca əldə edilən nailiyyətlər dünya şahmat ictimaiyyətinin diqqətini yenidən Bakıya yönəltdi. Həmin vaxtlarda paytaxtımızda bir şahmat klubu fəaliyyət göstərirdi ki, o da yararsız vəziyyətdə idi. Belə bir idman növünə marağın və tələbatın artması yeni, daha müasir və geniş məkanın istifadəyə verilməsini zəruri etmişdi. Nəticədə, 1988-ci ildə Respublika Şahmat Mərkəzi yaradıldı və şahmatsevərlərin istifadəsinə verildi. Açılışı sentyabr ayının 15-də olan mərkəz, əsasən, yerli və beynəlxalq yarışların keçirilməsi üçün nəzərdə tutulmuşdu. Məkanın ev sahibliyi etdiyi ilk yarış isə qadın şahmatçıların zona birinciliyi idi.


Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə 1993-cü ildən Respublika Şahmat Mərkəzində fəaliyyət göstərir. Onun sözlərinə görə, mərkəz indiyədək bir çox mötəbər yarışlara ev sahibliyi edib: “Respublika Şahmat Mərkəzi Azərbaycanda şahmat yarışlarının keçirildiyi əsas məkan kimi tanınır. Hələ SSRİ dövründə, mərkəz fəaliyyətə başladığı ilk illərdə burada bir-birinin ardınca bir neçə yarış keçirildi. Hazırda da kiçik şahmatçıların müxtəlif yaş qruplarında Bakı birincilikləri,eləcə də, böyüklər arasında Bakı çempionatı və Respublika birinciliyinin ilkin və final mərhələləri burada təşkil olunur. Bütün bunlarla yanaşı, Respublika Şahmat Mərkəzi bir neçə mötəbər beynəlxalq yarışa da ev sahibliyi edib”.



Ənənəvi “Baku Open” turniri üç qrupda təşkil olunur. “A” və “B” qruplarında daha yüksək reytinqli şahmatçılar mübarizə aparırlar. “C” qrupunda isə aşağı yaş qrupundan olan zəka sahibləri qüvvələrini sınayırlar. Onların görüşləri ənənəvi olaraq Respublika Şahmat Mərkəzində keçirilir. N.Məmmədzadə deyir ki, mərkəzin tutumu o qədər də çox olmadığından yarışın bütün görüşlərini burada təşkil etmək mümkün olmur.

Respublika Şahmat Mərkəzində məhdud səviyyədə məşğələlər də təşkil edilir. Bu idman növünün sirlərinə yiyələnmək istəyən uşaqlar məktəblərlə yanaşı, burada da şahmat məşğələlərinə qatılırlar. Onlar yerli və beynəlxalq yarışlara burada hazırlaşırlar. 

Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və başqa qrossmeysterlərimizin də peşəkar karyerasının ilk illəri Respublika Şahmat Mərkəzi ilə bağlıdır. İstedadlı şahmatçılarımızın kiçik yaş qruplarında qazandığı kubok və mükafatları burada görmək olar.



Şahmat Mərkəzi bir çox məşhur qrossmeysterləri qonaq edib. Son dəfə isə ABŞ komandası burada olub. Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında qalib gələn amerikalı qrossmeysterlər yarışdan bir neçə gün əvvəl Respublika Şahmat Mərkəzinə baş çəkiblər. ABŞ səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə gənc şahmatçılar Fabiano Karuana və Hikaru Nakamura kimi dünya şöhrətli zəka sahibləri ilə görüşüblər. N.Məmmədzadə gənc şahmatçıların bu görüşdən böyük təəssüratla ayrıldıqlarını deyir.

Hazırda da Azərbaycanda kifayət qədər istedadlı şahmatçılar yetişməkdədir. N.Məmmədzadə bu idman növünün ölkəmizdə inkişafı üçün kifayət qədər işlər görüldüyünü söyləyir: “Hər il təşkil olunan Respublika birinciliklərində qalib dünya, ikinci yerin sahibi isə Avropa birinciliyində Azərbaycanı təmsil etmək hüququ qazanır. Şahmat Federasiyası onların beynəlxalq yarışlarda iştirakını təmin edir”.
Mütəxəssis, şahmatçılarımızın belə yarışlardakı nailiyyətlərindən razıdır. İdmançılarımızın həmişə etimadı doğrultduğunu deyən N.Məmmədzadə onların əksər hallarda beynəlxalq yarışlardan mükafatlarla qayıtdığını bildirir. Onun sözlərinə görə, Azərbaycanda şahmatın inkişafı bundan sonra da davam edəcək. Parlaq gələcək vəd edən idmançılarımızın kifayət qədər olduğunu qeyd edən mütəxəssis onların mötəbər yarışlarda bayrağımızı yüksəklərə qaldıracağına inanır.

Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir