Rövnəq Abdullayev futzalçılarımızı təbrik etdi
“Futzal üzrə Azərbaycan milli komandası daha bir uğura imza atmaqla hər birimizi sevindirdi. Moldova milli komandası ilə səfər oyununda qazanılan qələbə, eyni zamanda, seçmə mərhələdə əldə olunmuş ardıcıl dördüncü qələbə oldu. Bu nəticə ilə millimiz artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdi".
Sportline.az xəbər verir ki, bu fikirləri AFFA-nın prezidenti Rövnəq Abdullayev milli assosiasiyanın rəsmi saytına açıqlamasında futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib.
R.Abdulayev bildirib ki, yığma koronavirusla bağlı çətinliklərə baxmayaraq, yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstərərək, keçirdiyi oyunlarda maksimum nəticə qazanmağa nail olub: "Bir ildən çoxdur ki, COVİD-19 pandemiyası bütün dünyada əksər fəaliyyət sahələrinə təsirini göstərməkdədir. İdman da bu baxımdan istisna deyil. Xüsusilə, sevindirici haldır ki, bütün bu çətinliklərə baxmayaraq, milli komandamız yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstərərək keçirdiyi oyunlarda maksimum nəticəyə nail olub. Futzal millimizin son 10 ildə göstərdiyi sabitlik, vacib turnirlərdə qələbələri, final mərhələlərinə vəsiqə qazanması futbol ailəsinin hər bir üzvünü sevindirir".
AFFA prezidenti sonda milli komandanın növbəti uğurlu çıxışı münasibətilə futzalçıları təbrik edib, seçmə mərhələnin digər oyunlarında və Avropa çempionatının final mərhələsində onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının 3-cü seçmə qrupundakı ilk 4 oyununda Slovakiyanı evdə 4:1, Yunanıstanı səfərdə 3:0, Moldovanı isə evdə 5:1, səfərdə 5:3 hesabı ilə məğlubiyyətə uğradıb. Bu nəticələrdən sonra 12 xal yığan yığma son 2 matçının nəticəsindən asılı olmayaraq, final mərhələsinə vəsiqə qazanıb.