Sahib Ələkbərov: "Bu bütün komandanın uğurudur"
“Tour d’Azerbaidjan-2016” veloyürüşünün 2-ci mərhələsi başa çatdıqdan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov mətbuat nümayəndələrinin suallarını cavablandırıb:
- Biz hər zaman uğur qazanacağımıza inanırıq. Dünən komanda hesabına “Synergy Baku” 2-ci oldu, bu gün isə 1-ci yerə qalxdı. Həmçinin Maksim Averin finişi birinci keçdi. Buna görə qürur duyuruq.
- Dağlıq yolların üstünlük təşkil etdiyi yürüşdə velosipedçilərimizin daha yaxşı çıxış etdiyini görürük. Bu, sabahki mərhələ üçün də ümidverici məqam sayıla bilərmi?
- Deməzdim ki, sabah marşrutun böyük hissəsində dağlıq ərazilərdən keçəcəyik. Əsas dağ mərhələsi Pirquluya gedən yol hesab olunur. Düşünürəm ki, idmançılarımız orda da sözünü deyə biləcək. Ancaq biz bütün mərhələlərdə velosipedçilərimizin uğurla çıxış edəcəyini düşünürük.
- Fərdi mübarizədə hansı velosipedçimizin yekunda öndə olacağını düşünürsüz?
- Bilirsiz, burda daha çox komanda yarışı gedir. Vaxta görə ötüşmədə fərdi mübarizə ön plana çıxır. Bu mərhələlərdə isə kimisə fərqləndirmək olmaz. Hər mərhələdə komanda bir nəfər üçün işləyir, onu irəli aparır. Bu yalnız Maksimin yox, bütün komandanın uğurudur.
- Təşkilati işlər sizi qane edirmi?
- Təşkilat Komitəsinin sədri kimi bu suala cavab verməyə çətinlik çəkirəm (gülür). Müəyyən fikir səsləndirsəm, təvazökarlıqdan kənara çıxmış olaram. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunub. İlk 2 mərhələdə hər hansı problemlə üzləşməmişik. Hesab edirəm ki, bu, çox yaxşı haldı.
- Velosiped idmanını bölgələrdə inkişaf etdirmək üçün hansı tədbirlər görülür?
- Bu istiqamətdə 2-3 ildir ki, ciddi işlər aparırıq. Amma normal velosipedçinin yetişməsi üçün ən azı 7 il vaxt lazımdır. Komandamızın geniş adı “Synergy Baku Cycling Project”dir, yəni bu velosiped layihəsidir. Burda yalnız komandanın qarşısına vəzifə qoyulmayıb ki, yarışlarda iştirak edərək qələbələr qazansınlar. Məqsədlərimizdən biri də gənc velosipedçiləri yüksək səviyyəyə çatdırmaqdan ibarətdir. 23 yaşadək velosipedçilər arasında çox yüksək nəticələrə imza atmış idmançılarımız var. Onlardan Samir Cəbrayılov, Kənan Qəhrəmanlı və Elgün Əlizadənin adını çəkə bilərəm. Artıq bu ildən Samir böyüklərin qrupuna keçir. İki ildən sonra bu velosipedçilər əsas heyətdə yer alacaq. Əsas məqsədlərimizdən biri də budur. Bu, bizim üçün prioritet sahədir.
- İsmayıllıda istifadəyə veriləcək velosiped zavodunda sırf idman tipli velosipedlər istehsal olunacaq?
- Bu, kommersiya layihəsidir. İsmayıllı rayon rəhbərliyi ilə bu mövzuda söhbətimiz oldu. O dedi ki, bu il zavod istifadəyə veriləcək. Ancaq yaranmış maliyyə problemlərinə görə açılış bir qədər yubanır. Zavodda işlərin böyük hissəsi başa çatıb, avadanlıqlar gəlib. 2-3 aya zavodun fəaliyyətə başlayacağı gözlənilir. Orda uşaq velosipedindən tutmuş, ən yüksək səviyyəli idman velosipedlərinə qədər istehsal olunacaq. Bura həm dağ, həm də trek velosipedləri daxildir.