Seçmə komandamız Ukraynada hazırlaşacaq

İyulun 21-dən 27-ədək Bakıda Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində güləş yarışları da keçiriləcək.

Sportline.az xəbər verir ki, iyulun 21-dən 23-dək güləşin hər 3 növü üzrə mübarizə olacaq. Yeniyetmələrdən ibarət seçmələrimiz ölkəmizdə baş tutacaq məsul yarışlara hazırlığı davam etdirir. Qızlardan ibarət millimiz daha keyfiyyətli hazırlıq mərhələsinə çatmaq üçün Ukraynaya təlim-məşq toplanışına yollanacaq.

Sabah Krivoy-Roq şəhərində startı veriləcək hazırlıq prosesi mayın 26-dək davam edəcək. Toplanışda böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Zenfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) iştirak edəcək.