Sərxan Hacıyev: "Tofiq Bəhramov gənc məşqçilər və futbolçular üçün də nümunədir"

“Tofiq Bəhramov təkcə gənc hakimlər deyil, məşqçilər və futbolçular üçün də nümunədir".

Sportline.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O bildirib ki, mərhum referinin adı Azərbaycan futbolu üçün əzizdir:

"Bu ad həmişə yaşayıb və yaşayacaq. Bəlkə də dünyada yeganə futbol hakimidir ki, adını daşıyan iritutumlu stadion var. Bütün bunları nəzərə alaraq, ötən ilin son aylarından AFFA-nın prezidenti Rövşən Nəcəf tərəfindən verilən tapşırıqlara əsasən, 2025-ci ildə Tofiq Bəhramovun adının yad edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri kimi qeyd etməliyəm ki, Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan yeni poçt markaları dövriyyəyə buraxılıb. Həmçinin Misli Premyer Liqasının XXI turunun həftəsonu keçiriləcək oyunlarında Tofiq Bəhramovun xatirəsi yad olunacaq. Bundan başqa, Azərbaycan Futbol Veteranları İttifaqı tərəfindən müxtəlif tədbirlər keçiriləcək. AFFA olaraq həmin ittifaqa bunun üçün müəyyən dəstək vermişik".

Qeyd edək ki, bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 100 illik yubileyidir.