Şahmat Olimpiadasının açılış mərasimi keçirildi
Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, Milli Gimnasitika Arenasında keçirilən tədbirə saat 19:00-da start verilib.
Olimpiadada 176 ölkədən ümumilikdə 180 kişi və 141 qadın komandası mübarizə aparacaq. Bildirək ki, bu, iştirakçı sayına görə Olimpiada tarixində rekord göstəricidir.
Mərasimdə ölkə prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezdienti Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.
Tədbir “Yeddi gözəl” baletinin sədaları altında start götürüb. Şahmat taxtası üzərində rəqqasıların hazırladığı kompozisiya təqdim edilib.
Azərbaycan himinin ifa edilməsindən sonra isə rəsmi hissəyə start verilib. FİDE bayrağı mərasim zalında dalğalandırılıb.
Açılış üçün ilk söz Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubova verilib.
Azərbayca Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov öz çıxışına hörmətli qonaqları, ölkə prezidentini və mərasim iştirakçılarını salamlamaqla başlayıb. O, ölkə başçısının idmana göstərdiyi yüksək qayğı və diqqəti vurğulayaraq Azərbaycan idmanıçlarının əldə etdiyi uğurları yüksək dəyərləndirib.
Təşkilat Komitəsinin sədri həmçinin bildirib ki, Olimpiada günlərində paytaxtımızda həm də FİDE Konqresinin növbəti iclası olacaq.
Yaqub Eyyubov Azərbaycanda şahmat ənənəsinin formalaşmasında mərhum prezident, ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edərək vurğulayıb ki, məhz onun imzaladığı fərmanlar və dövlət proqramlarının nəticəsində bu gün Azərbaycan şahmatçıları dünya səviyyəsində özünəməxsus yer tuturlar.
Sonda cənab Y.Eyyubov ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu cür mötəbər və gözəl tədbirin ölkəmizdə keçirilməsində göstərdikləri diqqətə görə, bütün ölkə idmansevərləri adından təşəkkürlərini çatdırıb.
Sonra FIDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib. O, Azərbaycanda idmanın inkişafına ayrılan diqqətdən söz açıb və ölkədə keçirilmiş vacib idman yarışlarından danışıb: "Bakı şəhəri Azərbaycanın gəzməli, görməli yeridir. Şahmat olimpiadasının keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu olimpiadanın şahmat bayramı olacağına tam inanıram".
FİDE prezidenti Kirsan İlümjinovun çıxışından sonra isə muğam ustası Teyyub Aslanovun ifası mərasim iştirakçılarına təqdim olunub. Milli və Avropa musiqilərinin sintezindən hazırlanmış kompozisiyanın ifası zamanı rəqqas və rəqqasələr çıxış ediblər. Eyni zamanda vizual effektlərlə Azərbaycan xalçaçılıq sənətinin ornamentləri döşəmə üzərində həkk olunub.
Möhtəşəm kompozisiya kainat təsvirinin zalda əks etdirilməsi ilə sonlandırılıb. Bundan sonra isə "Qarabağ şikəstəsi"nin sədaları altında "Bayraqların paradı" olub. Açılış mərasimlərinin tarixində bir ilk olaraq bayraqlar arenaya nağaraların üzərində həkk olunaraq nağaraçalanlar tərəfindən gətirlib.
Bütün bayraqlar arenaya gətirildikdən sonra meydanda Azərbaycan Respublikasının xəritəsi həkk olunub.
Sonda isə yarışın püşkatma mərasimi keçirilib.