Şəhriyar Abbasov: "Qoy, ABŞ "Bayraqdar"ın uçuşunu gözləsin"

"Qoy, ABŞ Azərbaycan "Bayraqdar"ının onların üzərinə uçuşunu gözləsin".

Sportline.az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov idmançının UFC ilə müqavilə imzalaması barədə danışarkən deyib.

O bildirib ki, Abbasov turnirə sadəcə iştirak üçün deyil, çempion olmaq üçün gedir: "Təbii ki, heç nəyə zəmanət yoxdur. Amma bizə kəmər lazımdır. Mən Nərimanı özündən də çox tanıyıram. Onun potensialına bələdəm. Hiss edirəm ki, çox şeyə qadirdir. UFC-də heç kimə şans verməyəcək. Nəriman UFC tarixinə düşəcək. Onda bu potensial var".

Abbasovun Azərbaycandan UFC-də iştirak edəcək ilk döyüşçü olacağını xatırladan mütəxəssis avqustun əvvəlində ABŞ-a gedəcəklərini söləyib: "Bu, mənim oraya ilk səfərim olacaq. Məncə, nəyisə dəyişməyə dəyməz. Son döyüşlərdə Nərimanı diqqətlə izləyirdilər. Möhtəşəm qələbələr qazandı. İnanılmaz döyüşçüdür. Son üç görüşün ikisində rəqiblərini təslim olmağa məcbur edib. Özünü yaxşı tərəfdən göstərməsəydi, ona şans verilməzdi".

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədovun onlara kömək edəcəyinə dair söz verdiyini söyləyən Abbasov əsas işi idmançının və menecer Şiraslan Kərimovun gördüyünü etiraf edib: "Belə bir tədbirin təşkilinə görə minnətdaram. Buna görə gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm.