Slovakiyalı futzalçı: "Azərbaycan bizim üçün ən ciddi rəqibdir"
"Final mərhələsinə yollanmaq üçün əla şansımız var. Hazırda hamı bunu xəyal edir".
Sportline.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin futzalçısı Marko Qudaçek yerli federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.
25 yaşlı oyunçu Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektivin qrupdakı ən ciddi rəqib olduğunu bildirib: "Baş məşqçi bizi bu komanda üçün hərtərəfli hazırlamaq istəyir. Artıq rəqibi analiz etmişik, inanıram ki, bizdə hər şey alınacaq. Qələbə istənilən uğurun təməlidir. Koronavirusa yoluxmuş futzalçılarımız vaxtında sağalsa və gənclər adaptasiya mərhələsini tez keçsələr, final mərhələsinə vəsiqə qazana bilərik. Çünki biz güclü komandayıq".
Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq.