SportLine.az-da "Qambit" başlayır

SportLine.az AFFA yanında Media Komitəsinin dəstəyi ilə yeni layihəyə start verir. "Qambit" adlanan layihənin Azərbaycanda şahmat idman növünün inkişafına töhfə olacağına inanırıq.

Şahmat Azərbaycanda  populyar idman növlərindən sayılır. Hələ Sovet dövründə Azərbaycan öz şahmatçıları ilə tanınıb. Azərbaycan şahmat məktəblərində yetişən idmançılar beynəlxalq yarışlarda böyük uğurlara yiyələniblər. Hazırda da bu idman növünün inkişafı üçün ölkədə işlər görülməkdədir. Təsadüfi deyil ki, Azərbaycan yeganə ölkədir ki, şahmatın inkişafı üçün dövlət proqramı qəbul olunub.

Ancaq bu idman növündə vəziyyət tam olaraq ürəkaçan deyil. Xüsusilə, əvvəlki illərlə müqayisədə qızların bu idmana marağının azalması düşündürücü məqamlardandır. Eləcə də, dövlət proqramı çərçivəsində bölgələrdə açılan şahmat məktəblərinin, heç də hamısının fəaliyyəti ideal deyil. Çatışmazlıqlara səbəb nədir? Son illər bu idman növü ilə məşğul olanların sayının azalması nə ilə bağlıdır? Ölkəmizdə şahmatın inkişafı üçün hansı ölkələrin təcrübəsindən yararlanmalıyıq? Şahmata marağın artırılması üçün hansı işləri görə bilərik?

Layihənin əsas məqsədi, yuxarıdakı suallara cavab tapmaq və şahmat idman növünün ölkəmizdə inkişafına mane olan səbəbləri araşdırmaqdır.

Layihə çərçivəsində mütəmadi olaraq Azərbaycanda şahmatın tarixindən, inkişafından bəhs edən silsilə yazılar hazırlanması, bölgələrdə fəaliyyət göstərən şahmat məktəblərindən reportajlar, şahmat mütəxəssisləri və keçmiş şahmatçılarla müsahibələr və Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının işıqlandırılması nəzərdə tutulub.

Layihənin icrası ilə ölkədə şahmat idman növünün inkişafına mane olan, yeni şahmatçıların yetişməsinə çətinlik yaradan problemlərin həllinə nail olacağımıza inanırıq.