Tahir Süleymanov: "Azərbaycanın milyonlarını qazanan Berti Foqts soydaşlarına "pas"ını verib artıq"
Beynəlxalq dərəcəli hakim, futbol mütəxəssisi Tahir Süleymanov SportLine.az saytına müsahibəsində Azərbaycan - Almaniya görüşündən danışıb.
- Almaniya ilə görüşdə Azərbaycan millisindən nə gözləyirsiniz?
- Almaniyanın gücü bəllidi. Buna baxmayaraq istənilən rəqiblə mübarizə aparmaq mümkündür. Rəqib futbolçuların ustalıq səviyyəsi bizimkilərdən qat-qat yüksək olmağına baxmayaraq psixoloji hazırlıq, doğru seçilmiş taktika və əzmkarlıq hesabına müəyyən nəticə, ən azından gözəl oyunla azarkeşlərimizi sevindirə bilərlər.
- Start heyəti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Heyətdə geniş imkanlar yoxdur. Dayaq bölgəsini möhkəmləndirib, orta və müdafiədə sıxlıq yaratmaqla rəqibə boş zonalar verilməməlidir. Eyni zamanda kənar müdafiəçilərimiz almanlara sürətli asmalar, keçidlər etməyə yol verməməlidir. Son dərəcə intizamlı oynamaq şərtilə 2-3 dəqiq ötürmələrdən istifadə edib əks-hücumlarla qol epizodları yaratmaq mümkündür. Əsasən cinahlarda sürətli futbolçulardan istifadə olunmalıdır. Ad çəkməyəcəm, belə futbolçularımız kifayət qədərdir. Rəqibdən çəkinmək, qorxmaq yox, 90 dəqiqə sona qədər mübarizə aparmaq lazımdır.
- Sizcə, almanlar Bakıya yüngül gəzinti üçün gəliblər, ya milliyə ciddi yanaşacaqlar?
- Azərbaycanın milyonlarını qazanan Berti Foqts soydaşlarına "pas"ını verib artıq. Almanlar ilk dəqiqələrdən hücuma atılaraq tez top vuraraq millimizin müqavimətini qırmaq istəyəcəklər. Ona görə ilk 30 dəqiqədə oyun intizamı pozulmamalı, almanlara qol şansı verilməməlidir. Prosineçkinin oyun fəlsəfəsində müdafiə futboluna yer yoxdur. Bu amil bir tərfdən müsbətdirsə digər məqamda Almaniya kimi rəqiblərlə oyunda qapımız qarşısında çox böyük problemlər, təhlükə yarada bilər. Futbolçularımızın ustalıq səviyyəsi yuxarı-aşağı eynidir. Buna görə heyətdə kimlərin yer almasından daha vacibi komanda şəkilində oynamaq, mübarizə aparmaqdır.
- Nəticə ilə bağlı proqnozunuz...
- Proqnozu oyunun ilk 15 dəqiqəsi göstərəcək.
Millimizə uğurlar arzu edirəm!