Tatyana Varansova və Elis Manolova üçün bürünc medalı əldən verdi

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

SportLine.az xəbər verir ki, dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq-da çıxış edən qadın güləşçilər mübarizə aparıb.

Mübarizəyə 1/4 finaldan başlayan Tatyana Varansova debütdə Polşa idmançısına qalib gələrək yarımfinala yüksəlib. Mingəçevir güləş məktəbinin yetirməsi axşam seansında final yolunda Almaniya nümayəndəsi ilə üz-üzə gəlib. Həmyerlimiz ilk hissəni 6:0 öndə başa vurub. Ancaq ikinci hissədə üstünlüyü qoruya bilməyib və finala vəsiqəni əldən verib. Tatyana martın 8-də bürünc medal uğrunda görüşə çıxıb. Rumıniya təmsilçisi ilə gərgin keçən həlledici qarşılaşmadan məğlub ayrılan Varansova 5-ci yeri tutub.

Elis Manolova təsnifat mərhələsində Belarus güləşçisinə aman verməyərək vaxtın əvvəl qələbə qazanıb. Ancaq 1/4 finalda Rumıniya təmsilçisinə məğlub olub. Rəqib finala yüksəldiyindən Elis martın 8-də təsəlliverici görüşdə mübarizə aparıb. Avstriyalı rəqibindən güclü olan Manalova bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Gərginliyi ilə diqqət çəkən qarşılaşmada yığmamızın üzvü sona 25 saniyə qalmış üstünlüyü əldən verərək 5-ci yerlə kifayətlənib.

53 kq
Bürünc medal görüşü - Tatyana Varansova - Suzanna Georgiana Seykariu (ROU) 2:2*
1/2 final - Tatyana Varansova - Annika Vendl (GER) 6:14
1/4 final - Tatyana Varansova - Aqata Marta Valerjak (POL) 8:3

65 kq
Bürünc medal görüşü - Elis Manolova - Paulin Denis Lekarpentye (FRA) 5:5*
Təsəlliverici görüş - Elis Manolova - Ketrin Matis (AUT) 4:2
1/4 final - Elis Manolova - Krista Tunde İnçe (ROU) 0:4
Təsnifat - Elis Manolova - Veronika Eismant (BLR) 9:0

Azərbaycan Güləş Federasiyasının məlumatı