"Team Novo Nordisk" yenidən Azərbaycanda

Mayın 4-8-də keçiriləcək "Tour d’Azerbaïdjan-2016" veloyürüşündə dünyada diabetli idmançılardan təşkil olunmuş ilk peşəkar komanda - Amerika Birləşmiş Ştatlarının "Team Novo Nordisk" komandası da iştirak edəcək. Velosiped İdmanı Federasiyasından SportLine.az saytına verilən məlumata görə, diabetli insanlardan təşkil edilmiş kişi pro-kontinental velosiped komandası, "Team Novo Nordisk"in (veloyarış, triatlon, qaçış) ən aparıcı komandasıdır.

"Team Novo Nordisk" komandası keçən il də "Tour d’Azerbaïdjan" veloyürüşündə mübarizə aparıb və bu il də yenidən bütün idmançılarla bərabər şərtlər altında çıxış edəcək.

Qeyd edək ki, mayın 4-də start götürəcək veloyürüşdə ümumilikdə 18 ölkənin 21 komandası iştirak edəcək. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

"Novo Nordisk" şirkəti Azərbaycan Diabet Cəmiyyəti ilə birlikdə, gənc diabetli insanların diabetin səviyyəsini yaxşı saxlmaqla nəyə qadir olmağını göstərmək məqsədilə, "Team Novo Nordiskə" dəstək olmaq üçün bir neçə tədbir həyata keçirəcək. Mayın 8-də veloturun finiş xətti yaxınlığında "Novo Nordisk"in tenti qurulacaq, diabetlə bağlı materiallarla tanış olmaq, həmçinin komandanın üzvləri ilə görüşmək imkanı yaradılacaq. Həmin gün, komandanın üzvləri ilə diabetli gənclərin görüşü keçiriləcək. Görüş zamanı diabetin nəzarətdə saxlanılmasında idmanın rolu barədə söhbət aparılacaq.

“Belə yarışlarda iştirak bizə gücümüzü daha da artırmağa imkan verir və bununla dünyaya göstəririk ki, diabetlə yaşayaraq öz arzularına çatmaq olar”. Bu fikirlər komandanın yaradıcılarından biri Fil Santerlanda məxsusdur. Onun sözlərinə görə, yaxşı nəticələrə nail olmaqla, diabetlə yaşayanları ruhlandırmaq və diabetə nəzarət etməklə öz arzularına çatmağın mümkünlüyünü sübut etmək olar.

“Team Novo Nordisk" komandasındakı hər kəs yenidən "Tour d’Azerbaïdjan" veloyürüşündə yarışmağı səbirsizliklə gözləyir. Mən, komandamdakı bir neçə digər yarışçılarla bərabər ikinci ildir ki bura qayıdıram, odur ki, bu təcrübəmizin bizim üçün bir üstünlük olacağına ümid edirik" deyə, “Team Novo Nordisk” komandasının üzvü Ceyms Qlaspul (AUS) bildirib, "Bu yarışda bizim komandamız üçün hər şeydən bir az var, həm dağlıq mərhələlər, həm də sprint finişlər. Biz yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik və ümid edirik ki, Azərbaycanda diabeti olan hər kəsi öz arzularının arxasınca getməyə həvəsləndirəcəyik. "

Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən,  hazırda dünyada 415 milyon insan diabetlə yaşayır. Azərbaycanda isə diabetli insanların sayı 220 mindən çoxdur.

“Diabetə qalib gələrək yaşamaq” layihəsi ilə "Novo Nordisk" şirkəti bütün dünyada diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara öz dəstəyini ifadə edir. "Novo Nordisk" diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, 90 illik tarixə malik dünyaca tanınmış bir şirkətdir. "Novo Nordisk" yüksək effektli ləvazimatların istehsalında ən qabaqcıl şirkət kimi, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verir. Şirkət həmçinin hemofiliyanın müalicəsi sahəsində və hormon əvəzedici müalicələri üzrə də ixtisaslaşıb. "Novo Nordisk" 75 ölkədə 41 min işçi yeri yaratmaqla dünyanın 180 ölkəsində fəaliyyət göstərir.