Tokio 2020: Komandamız ilk onluqda

Tokio 2020 Yay Paralimpiya Oyunlarında onuncu yarış günü də geridə qalıb. 

Sportline.az xəbər verir ki, Azərbaycan idmançıları günü bir qızıl medalla tamamlayıb. 

Beləliklə, baş mükafatlarının sayını 12-yə çatdıran millimiz medal sıralamasındakı mövqeyini qoruyub. Paralimpiya komandamız 10-cu pillədə qərarlaşıb.

Yığmamızın ən yaxın izləyicisi yenə Almaniyadır (11 "qızıl", 11 "gümüş" və 17 "bürünc").

Çin komandası birinci (85 "qızıl", 53 "gümüş", 46 "bürünc"), Böyük Britaniya ikinci (37 "qızıl, 34 "gümüş", 40 "bürünc"), ABŞ üçüncü (34 "qızıl", 34 "gümüş", 24 "bürünc"), Rusiya Paralimpiya Komitəsi (RPK) dördüncü (34 "qızıl", 29 "gümüş", 44 "bürünc" ), Ukrayna beşinci, (24 "qızıl", 44 "gümüş", 26 "bürünc"), Niderland altıncı (23 "qızıl", 15 "gümüş", 16 "bürünc"), Braziliya yeddinci (21 "qızıl", 14 "gümüş", 26 "bürünc"), Avstraliya səkkizinci (18 "qızıl", 27 "gümüş", 27 "bürünc"), İtaliya doqquzuncudur (13 "qızıl", 27 "gümüş", 25 "bürünc"), 

Medal qazanan ölkələrin sayı 84-ə yüksəlib. Onlardan 60-nın hesabında baş mükafat var.

Xatırladaq ki, komandamıza qızıl medalları Şəhanə Hacıyeva, Sevda Vəliyeva, Xanım Hüseynova, Dürsədəf Kərimova, Vüqar Şirinli, Hüseyn Rəhimli (hamısı cüdo), Həmid Heydəri, Elvin Astanov (hər ikisi atletika), Vəli İsrafilov və Roman Saley (hər ikisi üzgüçülük) qazandırıb. Sonuncu üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Yeganə "gümüş" Lamiyə Vəliyevanın (atletika), bürünc mükafatlar isə Pərvin Məmmədov (pauerliftinq), Namiq Abbaslı, İlham Zəkiyev (hər ikisi cüdo) və Səid Nəcəfzadənin (atletika) sayəsində əldə olunub.

Paralimpiadaya sentyabrın 5 də yekun vurulacaq.