Tokio 2020: Komandamız ilk onluqda
Tokio 2020 Yay Paralimpiya Oyunlarında 11-ci yarış günü də geridə qalıb.
Sportline.az xəbər verir ki, gün ərzində Azərbaycanın son beş paralimpiyaçısı mübarizə aparıb. Onlardan ikisi çıxışını medalla tamamlayıb. Qadınların 400 metr məsafəyə qaçışında Lamiyə Vəliyeva (T13 kateqoriyası), kişilərin uzunluğa tullanma yarışında isə Orxan Aslanov (T13) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, 16-cı Yay Paralimpiya Oyunlarını 14 qızıl, 1 gümüş, 4 bürünc medalla başa vuran komandamız sondan əvvəlki günün yekununda da sıralamadakı mövqeyini qoruyub. Millimiz 163 ölkə arasında 10-cu pillədə qərarlaşıb.
Yığmamızın ən yaxın izləyicisi yenə Almaniyadır (13 "qızıl", 12 "gümüş" və 18 "bürünc").
Çin komandası birinci (93 "qızıl", 57 "gümüş", 50 "bürünc"), Böyük Britaniya ikinci (41 "qızıl, 38 "gümüş", 43 "bürünc"), Rusiya Paralimpiya Komitəsi (RPK) üçüncü (36 "qızıl", 32 "gümüş", 49 "bürünc" ), ABŞ dördüncü (35 "qızıl", 36 "gümüş", 30 "bürünc"), Niderland beşinci, (25 "qızıl", 17 "gümüş", 16 "bürünc"), Ukrayna altıncı (24 "qızıl", 47 "gümüş", 27 "bürünc"), Braziliya yeddinci (22 "qızıl", 19 "gümüş", 30 "bürünc"), Avstraliya səkkizinci (20 "qızıl", 28 "gümüş", 30 "bürünc"), İtaliya doqquzuncudur (14 "qızıl", 29 "gümüş", 26 "bürünc"),
Medal qazanan ölkələrin sayı 86-ya yüksəlib. Onlardan 62-sinin hesabında baş mükafat var.
Qeyd edək ki, Azərbaycan Tokio 2020 Yay Paralimpiya Oyunlarında 45 kateqoriya üzrə 34 idmançı ilə təmsil olunub.