Tokio olimpiadasının Floridada keçirilməsi təklif olundu

ABŞ-ın Florida ştatının Maliyyə Şöbəsinin direktoru Cimmi Patronis Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxa məktub yazıb.

Sportline.az yerli WFLA telekanalına istinadən xəbər verir ki, Patronis IOC prezidentinə bu il keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunlarının yerini dəyişməyi təklif edib. O, yarışın Floridada təşkil oluna biləcəyini açıqlayıb.

"Sizdən Oyunların yerinin Tokiodan Floridaya dəyişdirilmə variantına baxmağınızı xahiş edirəm. İnkişaf etmiş otel infrastrukturu və nəqliyyat şəbəkəsi, həmçinin idman qurğularının mövcudluğu belə bir tədbiri Floridada keçirməyə imkan verir", - məktubda qeyd olunub.

Qeyd edək ki, "Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.