Tokioda tarix yazan qəhrəmanlarımız: Onları siz də tanıyın!
Bu gün XVI Yay Paralimpiya Oyunlarına yekun vurulub. Azərbaycan komandası yarışda 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanaraq böyük uğura imza atıb.
Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk “10-luq”da qərarlaşıb. Bu nəticə ilə Azərbaycan meydan sahibi Yaponiya, Almaniya, İran, Fransa, İspaniya kimi ölkələri qabaqlaya bilib.
Komandamızın heyətində Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanıblar.
Təmsilçimiz Raman Saleh Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub.
Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutub. Paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Tokioda rekord qıran idmançılarımız
Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb.
Atletika idman növü üzrə təmsilçimiz Elvin Astanov ( F53 - nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib.
Üzgüçülük idman növü üzrə idmançımız Vəli Israfilov (S12 - 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb.
Atletika idman növü üzrə təmsilçimiz Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib.
Yay Paralimpiya Oyunlarını qızıl medalla başa vuran idmançılarımızdan bir neçəsi haqqında məlumatı təqdim edirik:
Raman Saleh
Beynəlxalq yarışlarda ölkəmizi təmsil edən belarus əsilli para-üzgüçü Roman Sergeyeviç Saley 1994-cü il fevralın 27-də anadan olub. O, ölkəmizə 2013-cü ildən Azərbaycanın şərəfini qoruyan qardaşı Dmitrinin tövsiyəsi ilə gəlib.
Raman Saleh ilk dəfə Azərbaycan bayrağı altında 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarına qatılıb. Həmin turnirdə 100 metr məsafəyə arxası üstə üzmə yarışlarında gümüş medal qazanıb. Daha öncə müxtəlif illərdə iki dəfə dünya ikincisi və iki dəfə də dünya üçüncüsü olub.
Onun böyük qardaşı Dmitri Saleh də üzgüçüdür və Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edərkən 2 gümüş medal qazanıb. O hazırda Belarus bayrağı altında çıxış edir.
Raman Saleh və qardaşı Dmitri Saleh XV Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" III dərəcəli ordeni ilə təltif ediliblər.
Vəli İsrafilov
İsrafilov Vəli Rəşadət oğlu 18 oktyabr 2002-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olub. 2006-cı ildə ailəsi ilə birlikdə doğma vətəni Azərbaycanın Masallı rayonunun Köhnə Alvadı kəndinə qayıdıb. 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinifinə daxil olub, sonradan orta təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinifi bitirib. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika fakültəsinə daxil olub.
O, uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlayıb. Artıq 10 yaşında olarkən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülüb və Milli komandanın məşqçilərinin rəğabətini qazanıb. 12 yaşında artıq “İdman Ustalığı”na namizəd olub və Milli komandaya cəlb edilib.
Vəli yaşının az olmasına baxmayaraq, dəfələrlə Beynəlxalq yarışlarda uğurla çıxış edib. Serbiya , Slovakiya , Macarıstan, Türkiyə və digər ölkələrdə keçirilən yarışlarda dəfələrlə Azərbaycan Respublikasının üçrəngli bayrağını zirvələrdə dalğalandırıb.
Vəli İsrafilov 2016-ci ildə keçirilən IV İslam Həmrəylik Oyunlarına lisenziya qazanmış və yarışda iştirak edən ən kiçik yaşlı idmançı olub. Bu yarışlarda yarımfinala qədər yüksələrək, 11-ci yerdə qərarlaşıb.
2019-cu ildə Vəli Londonda keçirilən üzgüçülük üzrə Dünya Çempionatında III yerə layiq görülüb və Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olub. O, 100 metrəyə "brass" növündə 1:04.80 nəticə göstərərək bütün rəqiblərini geridə qoyub, birinci yerə layiq görülüb.
İdmançımız hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikinci kurs tələbəsidir.
Elvin Astanov
Azərbaycanlı paralimpiyaçı Elvin Astanov 5 iyul 1979-cu il təvəllüdlüdür.
2020-ci il Yay Paralimpiya oyunlarında Elvin Astanov kişilərin F53 atıcılığı yarışında qalib gələrək, qızıl medala layiq görülüb.
Sevda Vəliyeva
Azərbaycanlı para-cüdoçu Sevda Vəliyeva 24 dekabr 1997-ci ildə Bakıda anadan olub. Sevda Vəliyeva 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatılıb. 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Özbəkistan idmançısı Sevinc Salayevanı və Əlcəzair idmançısı Çerine Abdellaouini məğlub edərək, həlledici final görüşünə vəsiqə qazanıb.
Finalda Sevda Vəliyeva Azərbaycan cüdoçusu Afaq Sultanovaya məğlub olub və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına layiq görülüb.
O, 13-14 may 2019-cu ildə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri yarışında qızıl medala layiq görülüb.
26-28 iyul 2019-cu ildə İtaliyanın Genuya şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında gümüş medala sahib olub.
Sevda Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarının final görüşündə 57 kq çəki dərəcəsində qızıl medal uğrunda mübarizə aparıb. O rəqibi Pərvinə Səməndərova ilə yarışda paralimpiya çempionu olub.
Xanım Hüseynova
Paralimpiyaçımız Xanım Hüseynova 1 mart 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. O 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edib, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb.
Xanım Hüseynova birinci ciddi uğurunu 2013-cü ildə qazanıb. Belə ki, o, həmin il keçirilən Azərbaycan Çempionatının qızıl medalına sahibi olub.
2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılan X. Hüseynova 63 kiloqram çəki dərəcəsində 1/16 final mərhələsində makedoniyalı Katerina Nikoloskanı məğlub etsə də, 1/8 finalda Fransalı Klarisse Aqbeqnenouya uduzaraq, mübarizəni dayandırıb.
Xanım Hüseynova 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatılıb. 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bu dəfə Türkmənistan təmsilçisi Ayna Jumaquliyevanı və Tunis idmançısı Məryəm Bjaouini məğlub edib və final görüşünə vəsiqə qazanıb.
Finalda Xanım Hüseynova Türkiyə cüdoçusu Busra Katıpoğluna məğlub olaraq, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub.
Bu il keçirilən Tokio-2020 Yay Paralimpiya Oyunlarında yenə 63 kq-da yarışan Xanım Hüseynova ukraynalı İrina Qusyeva ilə qarşılaşıb. Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mənbə: modern.az