"Tour d'Azerbaidjan-2016": 3-cü mərhələnin qalibi "Synergy Baku" oldu

"Tour d'Azerbaidjan-2016" beynəlxalq veloyürüşünün 3-cü mərhələsi başa çatıb. SportLine.az xəbər verir ki, "Synergy Baku"nun üzvü Matey Mügerli finişə birinci çatıb.  

Liderin "mavi köynəy"ni və ən yaxşı sprinterə verilən "yaşıl köynəy"i "Cycling Academy" komandasından Gilyom Boven ələ keçirib. Dağ mərhələsinin qalibi olduğunu üçün "Unieuro"dan Mauro Finetto "qırmızı köynək"lə təltif edilib. Ən yaxşı gənc sprinter nominasiyasında qələbə qazanan "Qazprom-Rusvelo" komandasının üzvü İldar Arslanov isə "bənövşəyi köynəy"ə layiq görülüb.

Qeyd edək ki, iştirakçılar 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ marşrutu ilə 177,2 km məsafə qət ediblər.

Xatırladaq ki, yarışın ilk günündə "Bora Argon 18" komandasından Fil Baumhauz, ikinci mərhələdə isə "Synergy Baku"dan Maksim Averin bütün rəqiblərini qabaqlayıb.

"Tour d'Azerbaidjan"  veloturu 5 mərhələdən ibarətdir. Bakı – Sumqayıt (154 km), Bakı-İsmayıllı(186,5 km), Qəbələ-Şəki-Qəbələ (177,2 km), Qəbələ-Pirqulu (115,3 km), Bakı-Abşeron-Bakı (158 km) . Veloyürüşə mayın 8-də yekun vurulacaq.

SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir