"Tour d'Azerbaidjan-2016"nın qalibi - "Synergy Baku"

"Tour d'Azerbaidjan-2016" beynəlxalq veloyürüşünə yekun vurulub. SportLine.az xəbər verir ki, iştirakçılar yarışın son mərhələsində Bakı-Abşeron-Bakı marşrutu ilə 158 km məsafə qət ediblər.

Nəticələrə əsasən, Mixael Şfarzmann ("Bora Argon 18", Almaniya) finişə hamıdan əvvəl çatıb. Alberto Çeççin ("Roth", İsveçrə) 2-ci, Daniel Şorn ("Felbermayr", Avstriya) 3-cü olub.

Ümumi nəticələrə əsasən, komanda hesabında "Synergy Baku" bütün rəqiblərini qabaqlayıb.

Beş mərhələdən sonra liderin "mavi köynəy"i Markus Eybeqerə ("Felbermayr", Avstriya) nəsib olub. Ən yaxşı sprinterə verilən "yaşıl köynəy"i Daniel Şorn ("Felbermayr", Avstriya) ələ keçirib. Dağ mərhələsinin qalibi Tomas Leb ("Bridgestone Anchor", Fransa) "qırmızı köynək"lə təltif edilib. Ən yaxşı gənc sprinter üçün nəzərdə tutulan "bənövşəyi köynək" isə İldar Arslanova ("Gazprom-Rusvelo, Rusiya) təqdim olunub.

"Synergy Baku"nun ən yaxşı sprinteri Maksim Averin seçilib.

Xatırladaq ki, yarışın ilk günündə "Bora Argon 18" komandasından Fil Baumhauz finişə hamıdan əvvəl çatıb. İkinci mərhələdə Maksim Averin, növbəti gündə isə Matey Mügerli "Synergy Baku"ya qələbə qazandırıb. Dünən isə "Nasr Dubai"dan Luka Vakerman bütün rəqiblərini qabaqlayıb.

SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir