"Tour d'Azerbaidjan" daha yüksək səviyyəyə qalxmağa hazırdır"
Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov “Tour d`Azerbaidjan-2016” veloyürüşündən sonra keçirilən mətbuat konfransında yarışın yeni, daha yüksək mərhələyə qədəm qoymağa hazır olduğunu deyib: "Azərbaycanda idmanın inkişafı üçün dövlət səviyyəsində böyük işlər görülür, prezident İlham Əliyevin hər bir sahəyə olduğu kimi, velosiped idmanına da böyük dəstəyi var. Buna görə hər şeydən öncə, təmsil etdiyim qurum adından Prezidentə dərin minnətdarlığımı bildirmək istəyirəm".
Aleksandr Qusyatnikov Azərbaycan turunun qarşıdakı illərdə yeni mərhələyə qədəm qoymağa hazır olduğunu da deyib: "Bunun üçün sadəcə mərhələlərin sayını və məsafəni artırmaq lazımdır. Belə olan halda Azərbaycana Dünya Turu komandalarını da dəvət etmək olar".
“Tour d`Azerbaidjan-2016”nın texniki direktoru kimi görülən işlərdən tam razı qaldım”. Bu sözləri yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer deyib.
“Təşkilat Komitəsinin rəhbəri Sahib Ələkbərova minnətdaram. İdmançılar üçün yaradılan şəraitdən tam razıyam. Bəli, ötən il müqayisə apararkən “Tour d`Azerbaidjan”da idmançılar üçün yaradılan şəraitin “Tour de France”dan üstün olduğunu qeyd etmişdim. Yenə də fikrimdə qalıram. Şərait çox yüksək səviyyədə idi. Bakı və Qəbələdə idmançılar çox gözəl otellərdə məskunlaşmışdılar. Hətta bizdən asılı olmayan hava şəraiti də əla idi. Çox qısa bir vaxtda yağış yağdı, bu isə bizə heç bir problem yaratmadı. İlk gündən gərgin mübarizəyə şahidlik etdik”.
“Əvvəlcə yarışı yüksək səviyyədə işıqlandırdığına görə mətbuat nümayəndələrinə təşəkkür edirəm. Komandamızın qazandığı uğurda media işçilərinin də də rolu var”. Bu sözləri "Tour d’Azerbaidjan-2016" veloturunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
“Tour d’Azerbaidjan-2016"nın yekunu ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Sahib Ələkbərov komanda hesabında ardıcıl ikinci il qalib olan “Synergy Baku”nun uğurunu yüksək dəyərləndirib: “Bu, Azərbaycanın qələbəsidir. Yarış gərgin mübarizə şəraitində keçdi. Dünyanın bir çox ölkələrindən olan komandalar turnirdə mübarizə aparırdı. Azərbaycan artıq böyük tədbirlərə ev sahibliyi etməyə öyrəşib. Cənab Prezidentimiz İlham Əliyevin dəstəyini qeyd etmək istərdim. Dövlət başçımız daim idmana böyük qayğı göstərir. Təsadüfi deyil ki, velosiped yarışları dünyanın çox az sayda ölkəsində keçirilir. Azərbaycan bu baxımdan hər hansı problem yaşamır. Yerində ortaya çıxan kiçik problemləri də dərhal həll edirdik”.