APL-in XIX turuna sözardı

Azərbaycan Premyer Liqası klublarının qış fasiləsindən sonra mübarizəyə böyük həvəslə qatılmaları məhsuldar oyunlarla təsdiqləndi.

Sportline.az xəbər verir ki, “Kəpəz” – “Qəbələ” görüşündə qeydə alınan 2-2, “Turan Tovuz” – “Qarabağ” matçındakı 2-3, “Zirə” – “Sumqayıt” qarşılaşmasındakı 3-1, “Şamaxı” – “Səbail” oyunundakı 2-1 hesabı dediklərimizi təsdiqləyir. Yalnız turun son görüşü  məhsuldarlıq sarıdan digərlərindən geri qaldı. “Sabah”la “Neftçi”nin duelində qapılara iki qol vuruldu ki, əslində bu da heç də pis göstərici sayılmamalıdır. Hər ikisi qonaqların qapısına vurulan qollar “Neftçi” azarkeşlərinin özünəməxsus etirazı ilə diqqət çəkdi. Sanki komandanın bu görüşdə uduzacağını əvvəlcədən proqnozlaşdıran fanatlar “Təbriklər, axır ki, “Neftçi”ni batırdıq” pankartı ilə təəssüflərini ifadə etdilər. “Sabah”a qarşı göstərilən oyunla sabaha heç bir ümid vəd etməyən komandanın azarkeşlərini anlamaq üçün dərin düşüncələrə dalmağa ehtiyac yoxdur. Sual doğuran əsas məsələ “Neftçi”nin bundan nəticə çıxarıb-çıxarmayacağıdır ki, bunu da qarşıdakı oyunlar göstərəcək.

Çempionluğa əsas namizəd sayılan “Qarabağ” üçün də 19-cu tur bəzi məqamlarla yadda qalacaq. Əvvəla, çətin Tovuz səfərində çərçivədəki problem özünü bir daha büruzə verdi. Zədəli Şahruddin Məhəmmədəliyevi əvəzləyən Quqeşaşvili çıxışdakı növbəti səhvi ilə onun vəziyyətdən çıxış yolu olmadığını yenidən isbatladı. Belə vəziyyətdə hətta ən etibarlı müdafiə də qapının toxunulmazlığına zəmanət verə bilməz. Müdafiə xətti demişkən, artıq bu mövqenin aparıcı simasına çevrilən Bəhlul Mustafazadə Tovuzda nəhayət daha bir bacarığını nümayiş etdirdi. 89-cu dəqiqədə başını işə salan 25 yaşlı futbolçu dəqiq zərbə ilə “Qarabağ”ın qələbəsinə qol hesabını açmaqla töhfə verdi. Bu qol çox güman ki, istedadlı futbolçunun özünəinam hissini daha da artırmasına zəmin yaradacaq.

Tovuzdakı qarşılaşma həmçinin, yerli komandanın güclü rəqibə qarşı ciddi müqaviməti və yüksək əzmkarlığı ilə diqqət çəkdi. Bunu, Ayxan Abbasovun komandasının digər rəqiblərə “əzələ nümayişi” kimi də qiymətləndirmək olar. Əzmkarlıq baxımından “Zirə”, “Şamaxı” və “Qəbələ” də bu tur azarkeşlərini sevindirməyə bilməz. “Qəbələ” Gəncədə məğlubiyyətdən qurtulduğu halda, “Zirə” ilə “Şamaxı” hesabda geri olduğu oyunda qələbə qazanmağı bacardı. 

Banner