Yeni rekordun ünvanı Gəncədir
Azərbaycan Premyer Liqasının XXV turunun “Kəpəz” – “Neftçi” oyununda yeni rekord qeydə alınıb. Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən oyunu 10 min tamaşaçı izləyib. Bu da mövsümün 2017-ci ilə aid hissəsi üçün rekord göstəricidir. Ümumilikdə isə mövsümdə 4-cü dəfə bir qarşılaşmaya 10 000 və ya daha çox tamaşaçı toplaşıb. İlk üç oyun da Gəncə stadionunda baş tutub. Həmin görüşlər mövsümün ilk yarısına təsadüf edib. “Kəpəz”in evdə “Qarabağ”la oyununu 14238, “İnter”lə matçını 10650, “Zirə” ilə görüşünü 10 000 seyrçi izləyib. Mövsümün 3-cü göstəricisinin təkrarı olan “Kəpəz” – “Neftçi” matçı qış fasiləsindən sonrakı dövr üçün mütləq rekorddur.
Qeyd edək ki, “Kəpəz” “Neftçi” ilə ev oyununda 2:0 hesabı ilə qalib gəlib.