Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

"Eyni komanda ilə ikinci oyunumuz idi. Bu matç bizim üçün daha çətin keçdi. Rəqib bizi yaxşı analiz etmişdi".

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

Fransalı hücumameylli yarımmüdafiəçi çox qol şansı yaxalamadıqlarını bildirib: "Əlimizə düşən azsaylı imkanlardan istifadə etməyə çalışdıq. Amma heç-heçə oldu. Qarşıda daha 2 oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Matçdan sonra "Olimpiakos"un hücumçusu Abubakar Kamara ilə görüşən 31 yaşlı vinger Fransada ona qarşı oynadığını və yaxşı münasibətlərinin olduğunu bildirib: "Matçdan sonra söhbət etdik, oyun haqqında danışdıq. Dostum olduğu üçün ona yaxınlaşdım".

Almaniya "Frayburq"unun artıq qrupdan çıxdığını xatırladan təcrübəli oyunçu ən azı 2-ci yeri tutmağa çalışacaqlarını vurğulayıb: "Bunun üçün isə qrupdakı son iki matçımızı qələbə ilə başa vurmalıyıq".