AFFA cəzaları və cərimələri açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportline.az xəbər verir ki, toplantıda  Premyer Liqanın XV turunun oyunlarında qeydə alınan qanun pozuntularına hüquqi qiymət verilib.

Turun mərkəzi görüşü daha diqqətçəkən olub.  “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları görüşdə “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb və klubu 3200 manat cərimələnib. Həmin matçda kobudluğa görə “qırmızı” alan “Neftçi”nin müdafiəçisi Ömər Buludov 2 oyun cəzalanıb, klubu isə 1600 manat cərimələnib. “Neftçi”nin digər futbolçuları Mamadou Kane və Vojislav Stankoviç  isə meydandan qovulduğu üçün  1 oyun cəzalanıb, klub isə 400 manat cərimələnib. “Neftçi”nin ziyanı bununla bitməyib. Belə ki,  həmin görüşdə 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 4800 manat ziyana düşüb.

“Sumqayıt”la oyunun sonlarında  “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün “Səbail”in qapıçısı Kamran Ağayev  2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib. “Səbail”in legioneri Peyman Keşavarzi qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Bu görüşdə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Səbail” 800 manat cərimə edilib.

 “Qəbələ” – “Keşlə” oyununda meydan sahibləri  4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimə olunub. “Zirə” ilə görüşdə  4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” da eyni cəzaya məruz qalıb.