Afrika Millətlər Kubokunda ilk 1/8 finalçı məlum olub

Futbol üzrə Afrika Millətlər Kubokunda ilk 1/8 finalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, Kamerun yığması A qrupunda ardıcıl ikinci qələbə sayəsində vaxtından əvvəl pley-offa adlayıb.

Təşkilatçı ölkə millisi bu dəfə Efiopiyanı böyük hesabla məğlub edib - 4:1. Qolları 8-ci və 67-ci dəqiqələrdə Karl Ekambi, 53-cü və 55-ci dəqiqələrdə Vensan Abubakar vurub. Efiopiyadan isə 4-cü dəqiqədə Dava Hotessa fərqlənib.

Qrupun digər matçında Burkina-Faso yığması Kabo-Verdeni minimal hesabla yenib. Yeganə qolu 39-cu dəqiqədə Burema Bande vurub. Məğlub komandanın heyətində "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade 73-cü dəqiqəyədək meydanda olub.

Bu nəticələrdən sonra Kamerun 6, Burkina-Faso və Kabo Verde hərəyə 3 xala malikdir, Efiopiya isə xalsızdır.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda 24 yığma 6 qrupda mübarizə aparır. Hər qrupdan 2 ən güclü komanda və 3-cü yer sahiblərindən 4-ü 1/8 finala yüksələcək.