AHF bölgədə seminar keçirib
Azərbaycan Həndbol Federasiyası (AHF) tərəfindən həndbol idman növünün inkişaf etdirilməsi ilə bağlı regional seminar keçirilib.
AHF-nin mətbuat xidmətindən Sportline.az saytına verilən xəbərə görə, Şirvan Olimpiya kompleksində təşkil olunan seminarda Neftçala, Saatlı, Biləsuvar, Kürdəmir, Şirvan, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad rayonlarından olan məşqçi-müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AHF-nin İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov iştirakçıları salamlayaraq, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, görüşlərin mütəmadi təşkil olunmasında məqsəd regionlarda həndbolun populyarlaşması və ona marağın artırılması istiqamətində işlərin davam etdirilməsidir.
Seminarda, həmçinin regionlarda məşq prosesinin təşkili və təkmilləşdirilməsi, həndbol komandalarına seçilmə üsulları, yeni qaydalar və reqlamentlər ilə bağlı ətraflı məlumatlar verilib. Məşqçi-müəllimlərin peşə səviyyələrinin artırılmasının uşaqlar arasında həndbol idman növünün inkişaf etdirilməsinə böyük təkan olacağı vurğulanıb.
Hər bir mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Seminar zamanı böyük məşqçilər - Çingiz Əzimov, Vidadi Əliyev tərəfindən nümunəvi məşq keçirilib.
Sonda tədbir iştirakçıları üçün toplar və oyun qaydaları təqdim olunub.
İki gün davam edən seminarın əsas məqsədi nəzəri və praktiki biliklərin artırılması ilə yanaşı, yeniyetmələr arasında ehtiyat qüvvənin səviyyəsinin müəyyənləşdirilməsidir.
Seminarın təşkilinə görə federasiya rəhbərliyinə təşəkkür edən məşqçi - müəllimlər bu cür tədbirlərin davamlı olacağına ümid bəslədiklərini bildiriblər.