Anna Başta: "Dünya ikinciliyi mənim üçün əla nəticədir"
"Görüşlərim maraqlı və uğurlu alındı. İkinci yer mənim üçün əla nəticədir".
Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında gümüş medal qazanması barədə danışarkən deyib.
Qadın sablyaçıların şəxsi yarışında fəxri kürsünün 2-ci pilləsinə qalxan idmançı əsas məqsədinin ən güclü "8-liy"ə düşməkdən ibarət olduğunu bildirib: "Qarşıya qoyulan vəzifə yerinə yetirildi. Özümə, ailəmə, məşqçilərimə və komandama görə xoşbəxtəm. Görüşlər ağır olsa da, emosiyalarımı cilovlamağı bacardım və bir çox rəqibimdən güclü oldum".
Dünya çempionu ola bilməməsinin səbəbini açıqlamaq istəməyən Başta bunu baş məşqçi ilə müzakirə etdiyini söyləyib: "Səhvlərimizi bilirik. Amma nə isə demək istəmirəm. Qoy, rəqiblərim bu barədə bilməsinlər".
Son Avropa çempionu növbəti hədəfinin Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etməkdən ibarət olduğunu vurğulayıb: "Bir neçə gündən sonra İslamiada start götürəcək. Rəqiblərimin kimliyini hələ bilmirəm. Ona görə də ətraflı fikir bildirmək çətindir. Əlbəttə, məqsəd şəxsi və komanda hesabında qızıl medal qazanmaqdır. Görək, necə olacaq".
Qeyd edək ki, Anna Başta dünya çempionatının finalında Yaponiya təmsilçisi Emura Misakiyə uduzaraq, qızıl medal şansını əldən verib.